Avropa İttifaqı Ermənistanla bağlı təcili tədbirlər hazırlayır
Avropa Komissiyası Ermənistana Rusiyanın tətbiq etdiyi idxal məhdudiyyətlərinin nəticələrini aradan qaldırmaq üçün təcili ticarət tədbirləri hazırlayır. Bu addım Ermənistan ixracını qorumaq və Avropa İttifaqının (Aİ) regiondakı mövqeyini gücləndirmək məqsədi daşıyır.
AZERFAX.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Agentlik xatırladıb ki, Rusiya iyunun 7-də keçirilən parlament seçkilərindən əvvəl bir sıra Ermənistan mallarına (güllər, mineral sular, şərablara, konyaklar, meyvələrə, tərəvəzlər və balıqlar) qadağa qoyub. Brüssel hesab edir ki, bu addımlar ölkənin “demokratik yolla seçilmiş hakimiyyət”inə təzyiq göstərmək üçün siyasi motivli olub.
FT qeyd edib ki, Aİ tərəfindən başladılan “Muxtar Ticarət Tədbirləri” (MTT) təxminən 420 milyon avro dəyərində bazarı hədəf alan Ermənistanın ərzaq və kənd təsərrüfatı məhsullarına gömrük rüsumlarının azaldılmasını nəzərdə tutur.
Aİ qətiyyətli olduğunu göstərməyə çalışsa da, proses çətinliklərdən azad deyil. İrəvan Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan deyib ki, siyasi əhəmiyyətinə baxmayaraq, MTT yalnız müvəqqəti həll yolu ola bilər: “Bu, Rusiyanın dominantlığını neytrallaşdırmaq üçün kifayət deyil, ona görə də bu, daha çox müvəqqəti bir xilas yoludur”.
Logistika (quruya çıxışı olmayan Ermənistandan Gürcüstan və ya Türkiyə vasitəsilə malların daşınması) və bəzi Avropa istehsalçılarının (məsələn, Fransa brendi istehsalçılarının) maraqlarının balanslaşdırılması ilə bağlı da çətinliklər mövcuddur. Amma Aİ öz fəaliyyətini gücləndirir. Aİ xarici işlər nazirləri artıq bu məsələni Ermənistan diplomatları ilə müzakirə ediblər. Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos iyulun əvvəlində İrəvana səfər edəcək. Avropa Komissiyasının sözçüsü Olof Gil qeyd edib ki, qurum Ermənistan biznesinin yeni Aİ bazarlarına çıxışına kömək etmək üçün ticarət tədbirləri təklif edəcək.



