ABŞ-la ticarət azaldı, Çin Avropaya üz tutdu

2026-cı ilin ilk beş ayında ABŞ və Çin arasında ticarət dövriyyəsi 3,5 faiz azalaraq 231,25 milyard dollara düşüb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Çin Gömrük Baş İdarəsi məlumat yayıb.
Yanvar-may aylarında Çinin ABŞ-a ixracı 2,7 faiz azalaraq 172,46 milyard dollar təşkil edib. ABŞ-dan Çinə idxal isə 5,5 faiz geriləyərək 58,78 milyard dollara enib.
Bununla yanaşı, Çin Avropa ilə iqtisadi əlaqələrini gücləndirib. Hesabat dövründə Çinlə Avropa arasında ticarət dövriyyəsi illik müqayisədə 13,9 faiz artaraq 364,15 milyard dollara çatıb.
Çinin Avropa İttifaqı ölkələrinə ixracı 16,4 faiz artaraq 253,97 milyard dollar olub. Avropadan Çinə idxal isə 8,6 faiz yüksələrək 110,19 milyard dollara çatıb.
Daha əvvəl “China Daily” qəzeti yazmışdı ki, Brüssel “yaşıl iqtisadiyyat”ı qorumaq məqsədilə proteksionist siyasəti gücləndirməyə davam edərsə, Çin şirkətləri Avropa bazarına çıxmaq planlarından imtina edə bilər.
Nəşrin məlumatına görə, Avropa İttifaqının son məhdudiyyətləri Çinin ekoloji təmiz məhsullarının ixracına və qitənin yaşıl sənayesinə yatırımlarına ciddi zərbə vurub. Pekin isə mövcud siyasətin davam edəcəyi təqdirdə cavab sanksiyaları tətbiq etmək hüququnu özündə saxladığını bəyan edib.



