İranla gizli razılaşma? – ABŞ Konqresi Trampdan izahat istədi

ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr, kəşfiyyat və silahlı qüvvələr komitələrinin yüksək vəzifəli üzvləri Qreq Miks, Cim Hayms və Adam Smit İranla imzalanmış anlaşma memorandumu ilə bağlı Dövlət Departamentindən daha ətraflı məlumat istəyiblər.
AZERFAX.AZ xəbər verir ki, konqresmenlər Dövlət katibi Marko Rubioya ünvanladıqları məktubda memorandumun tam mətninin, ona aid əlavə razılaşmaların və gələcək danışıqlar strategiyasının açıqlanmasını tələb ediblər.
Onlar həmçinin İranın ballistik proqramına və Yaxın Şərqdə dəstəklədiyi qüvvələrə hər hansı məhdudiyyət qoyulub-qoyulmadığına aydınlıq gətirilməsini istəyiblər.
Məktubda ABŞ administrasiyasının dondurulmuş İran aktivləri və sanksiyaların yumşaldılması ilə bağlı hansı öhdəliklər götürdüyünün də izah olunması tələb edilib.
Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott isə bildirib ki, administrasiya Konqresi mütəmadi məlumatlandırır və proses barədə şəffaf məlumat təqdim edir.
Eyni zamanda, Senatda bəzi demokratlar da memorandumu tənqid ediblər. Senatdakı azlıq lideri Çak Şumer Donald Trampın danışıqları uğursuz apardığını bildirib. Senatorlar Mark Uorner və Riçard Blumental isə sənədi Vaşinqton üçün uğur hesab etmədiklərini açıqlayıblar.



