ABŞ-da 50 yüksəkvəzifəli şəxs poliqraf testindən keçirildi


ABŞ Baş Qərargahının yüksəkvəzifəli təxminən 50 əməkdaşının İranla bağlı hərbi əməliyyatlar barədə məlumatların mətbuata sızdırılmasından sonra poliqraf (“yalan detektoru”) testindən keçirildiyi iddia olunub.
AZERFAX.AZ xəbər verir ki, “New York Times”a danışan mənbələrin sözlərinə görə, ABŞ ordusunun İran əməliyyatları səbəbindən sursat çatışmazlığı yaşadığı barədə məlumatların mediaya sızmasından sonra Baş Qərargahın həm mülki, həm də hərbi əməkdaşları testə cəlb edilib.
Bildirilir ki, poliqraf testi ötən ay keçirilib. Test zamanı əməkdaşlardan məxfi məlumatları mətbuata ötürüb-ötürmədikləri soruşulub.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sean Parnell məsələni şərh etməkdən imtina edib. O, milli təhlükəsizliklə bağlı məxfi məlumatların sızdırılmasının “son dərəcə ciddi” qəbul edildiyini bildirib.



